Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun İctimai Şuranın üzvləri ilə video formatda iclası keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Görüşdə Xidmət rəisi pandemiya dövründə ölkədə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə atılan vacib addımları xüsusi vurğulayıb. Vüsal Hüseynov bildirib ki, koronavirusla mübarizədə ölkə başçısının qətiyyətli qərarları, görülən qabaqlayıcı tədbirlər, müsbət nəticələrin əldə olunmasının əsas səbəbləridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq qurumlar tərəfindən Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildiyini xatırladan Xidmət rəisi pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirildiyimizi diqqətə çatdırıb.
Vüsal Hüseynov mövcud durumla əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində tətbiq olunan yeniliklər və cari vəziyyət barədə geniş məlumat verib. Qeyd edib ki, səmərəliliyin artırılması məqsədilə müasir texniki innovasiyaların tətbiqi daha da genişləndirilərək bütün sənədləşdirmə işləri elektronlaşdırılıb.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov cari ilin I rübündə İctimai Şura üzvləri tərəfindən görülmüş işlər və yeniliklərin tətbiqi barədə məlumatları təqdim edib.
Görüşdə koronavirus şəraitində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı (o cümlədən müddətin uzadılması üçün ödənişlərin tətbiqi), elektron resurslardan istifadə və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda İctimai Şura üzvlərinin təklifləri müzakirə edilib.