newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair ELAN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən,  ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin 27 aprel tarixindən yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edilib.

Belə ki,  27 aprel 2020-ci il tarixdən etibarən:

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman “ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək;
  • Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı (elektron qaydada göndərilmədikdə) notarial təsdiq olunmalı sənədlərin, müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir. İcazə vəsiqələri Bakı şəhəri üzrə Bakı şəhər regional miqrasiya idarəsindən, digər regionlar üzrə regional miqrasiya idarələrindən əldə edilə bilər. Vəsiqələri müvafiq "ASAN Xidmət" Mərkəzlərindən əldə etmək istəyən şəxslər Xidmətin “(012) 919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər;
  • Karantin rejimi dövründə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşması zəruri deyil. Belə şəxslər bu barədə qərarı Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə edə bilərlər. Bu şəxslər, elektron qaydada Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsilə dövlət rüsumunu ödəməklə ölkədə qanuni qala biləcəklər;
  • Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı müraciətlər regional miqrasiya idarələrində qəbul ediləcək;
  • Bakı şəhər regional miqrasiya idarəsində əcnəbilərin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla, MigAZ mobil tətbiqi və ya Xidmətin internet səhifəsi (https://onlinequeue.migration.gov.az) vasitəsilə, digər regional miqrasiya idarələrində isə fərdi qaydada həyata keçiriləcək;
  • Miqrasiya qaydalarının pozulması halları ilə bağlı əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri qəbul ediləcək;

Bir daha diqqətə çatdırırıq ki, göstərilən xidmətlərdən yararlanmaq üçün Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edə bilərsiniz. Xüsusi zərurət yarandıqda şəxsən Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmağınız tövsiyə olunur.

Əlavə məlumat üçün Xidmətin www.migration.gov.az internet səhifəsini, Facebook və Twitter sosial hesablarını izləməyiniz və ya “(012) 919” Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur