newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə qərar və tövsiyələrini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq müraciətlərlə bağlı  vəziyyəti təhlil edir və fəaliyyətin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görür.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə 24 mart tarixindən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır. Bu gündən başlayaraq 30 aprel tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcəkdir.

Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsi və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.

Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən “müraciəti izlə” bölməsi vasitəsilə ödəniş nömrəsini əldə etməklə Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi vasitəsilə elektron qaydada və Expresspay terminalları vasitəsilə həyata keçirilə bilər. Ödəniş nömrələri 3 gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Bununla bağlı şəxslərdən Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur