newsPhoto

Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub

Bu il fevralın 27-də Prezident İlham Əliyevin 343 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı Sərəncamların icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını əlamətdar gün və qarşıdan gələn Novruz bayramı, xanımları Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Bildirib ki, müasir müstəqil Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq qürurvericidir. Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə uğurla nail olub. V.Hüseynov bildirib ki, hər il çoxsaylı şəxs  Azərbaycan vətəndaşlığını əldə etmək üçün müraciət edir. Bunun da əsas səbəbi təbii ki, ölkəmizin sürətli inkişafı, artan iqtisadi qüdrətidir.

Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş 343 nəfər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Qeyd edək ki, vətəndaşlığa qəbul olunanlardan 86-sı vətəndaşlığı olmayan şəxslər idi.

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonda xatirə şəkli çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur