Dövlət Miqrasiya Xidmətinin rəisi Avstriyanın yeni təyin olunmuş federal polis attaşesi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Avstriya Respublikasının Azərbaycan və Gürcüstan üzrə yeni təyin olunmuş federal polis attaşesi Gerald Riçard Hörmannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan Xidmət rəisi Gerald Riçard Hörmannı yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin önəminə toxunan Xidmət rəisi Dövlət Miqrasiya Xidmətini təmsil edən nümayəndə heyətlərinin Avstriya Respublikasına səfərlərini və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə Vyana Miqrasiya Konfranslarında iştirakını məmnunluqla xatırlayıb. Bildirib ki, bu günə kimi reallaşdırılan qarşılıqlı səfərlər və görüşlər miqrasiya sahəsində mövcud ikitərəfli əlaqələrin inkişafında, əməkdaşlığın genişləndirilməsidə və möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Həmçinin iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığa dair saziş və ya anlaşma memorandumunun imzalanmasının müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə və miqrasiya sahəsində qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirib. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyini ifadə edib.
Görüşdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hökuməti və Avstriya Federal Hökuməti arasında İcra Protokolu”nun layihəsi müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.