Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov başda olmaqla, Xidmətin əməkdaşları Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər güllər düzüblər.
Dövlət Miqrasiya Xidmətində xalqımızın Ulu öndəri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Öncə Ulu öndərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək çoxəsrlik dövlətçiliyimizin tarixində xüsusi yeri olan, hələ sağlığında zəmanəmizin canlı əfsanəsinə çevrilən Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın hüdudlarını aşan misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan tarixinin önəmli, mühüm bir mərhələsi olan ötən əsrin 60-cı illərinin sonlarından başlanan və XXI əsrə adlayan bütöv bir qərinədə dahi şəxsiyyətin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artdı, hərtərəfli inkişafa nail olundu, müstəqilliyimizin əbədi və dönməz olması təmin edildi. Güclü daxili potensiala malik yeni milli dövlət sisteminin yaradılması, iqtisadi tənəzzülün tədricən inkişaf mərhələsi ilə əvəzlənməsi, 1994-cü ildə milli neft strategiyasının reallaşması, “Əsrin müqaviləsi”nin imzalanması və bu müqavilə çərçivəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi ölkəmizin tarixində yeni dövr açıb, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu öndərin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.
Xidmət rəisi söyləyib ki, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilmiş hər bir uğuru Ulu öndərin zəkasının təcəssümü, onun əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının qələbəsidir.
Tədbirin sonunda Ümummilli liderə həsr edilmiş “Əbədiyyət” sənədli filmi nümayiş olunub.