“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni ofisinin açılışı olub
1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Dövlət Miqrasiya Xidməti yanında “Miqrasiya Könüllüsü” İctimai Birliyinin yeni ofisinin açılışı olub. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak ediblər.
Yeni ofisdə Miqrasiya Könüllülərinin müstəqil fəaliyyətinin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Ən son texnologiya, kompyuter avadanlıqları ilə təchiz olunan ofisdə bundan sonrakı layihələrin icrası, müxtəlif görüşlərin keçirilməsi üçün konfrans otağı da var.
Dövlət Miqrasiya Xidməti tərəfindən “Miqrasiya Könüllüsü-Sən fərqlisən” layihəsinə cari ilin fevral ayından start verilib. İyun ayından isə “Miqrasiya Könüllüsü” İctimai Birlik olaraq fəaliyyətə başlayıb. Hazırda Birlik 8 departamentlə təmsil olunur və ətrafında 2800 gənci birləşdirir.
Açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya Könüllüsü” İctimai Birliyinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində reallaşan təşəbbüsü yüksək qiymətləndirib.
Miqrasiya Könüllüsü İctimai Birliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aydan Haşımova bütün könüllülər adından təşəkkürünü bildirib. Könüllülərin bundan sonra da müxtəlif layihələrdə fəal iştirak edəcəklərini, Könüllülük hərəkatının daha da genişləndiriləcəyini vurğulayıb.
Daha sonra könüllülərin bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və xatirə şəkli çəkdirilib.