newsPhoto

Turizm strategiyası və əcnəbilərin inteqrasiyasının qarşılıqlı əlaqə və təsir aspektlərinə nəzər salınıb

Bakı regional miqrasiya idarəsində “Turizmin inkişaf strategiyası və əcnəbilərin inteqrasiyası” mövzusunda ictimai müzakirə təşkil olunub.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev turizmin inkişaf strategiyası müstəvisində Xidmətin həyata keçirdiyi miqrasiya siyasəti, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı qanunvericilikdəki son dəyişikliklər, vizaların verilməsi sahəsində yeni qaydalar, istifadədə olan yeni mobil tətbiq və digər resurslar barədə ətraflı məlumat verib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov  müvəqqəti və daimi yaşama hallarının artma səsəblərini izah edib. Azərbaycanda turizm strategiyasının uğurlu tətbiqindən söhbət açıb. Şura sədri ölkə ərazisində müvəqqəti və daimi əsaslarla yaşamaq niyyətində olan əcnəbilərin cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb.

Əcnəbilərin inteqrasiyası ilə əlaqədar icra olunan layihənin məqsəd və vəzifələrindən danışan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Leyla Hüseynova gələcəkdə həyata keçiriləcək fəaliyyət planından da bəhs edib.

Sessiyada turizmin təşviqi zamanı maarifləndirmə işinin əhəmiyyəti, milli tur-bələdçilərin formalaşdırılması, turizm lisenziyalarının verilməsi və bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur