newsPhoto

Əcnəbilərin səmərəli inteqrasiyasının mühüm aspektləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Əcnəbilərin səmərəli inteqrasiyasının mühüm aspektləri” mövzusunda ictimai müzakirə keçirilib. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın dəstəyi ilə təşkil olunan tədbir “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb.

İctimai müzakirənin, o cümlədən icra olunan layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov əcnəbilərin təyinat ölkəsində yerli cəmiyyətə inteqrasiya olunmasının vacibliyini vurğulayıb. Şura sədri bildirib ki, ölkə ərazisində məskunlaşan əcnəbilərin yerli cəmiyyətə tam şəkildə inteqrasiya olunmaları, məhz əlverişli şəraitin yaradılması  ilə əlaqədardır.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev əcnəbilərin inteqrasiyası ilə əlaqədar təmsil etdiyi mərkəzi icra hakimiyyəti orqanının həyata keçirdiyi fəaliyyətlər, xüsusilə də, bu qurumun qurumlararası əlaqələndirmə, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səyləri barədə məlumat verib. Qurum rəsmisi bildirib ki, əcnəbilərin inteqrasiyası bir çox məsələlərlə yanaşı, həm də güclü qanunvericilik bazasının olmasını tələb edir ki, bu istiqamətdə də mühüm addımlar atılır. Xüsusilə, dövrün tələblərinə uyğun qanunvericiliyin daim təkmilləşdirilməsi istiqamətində mühüm işlər yerinə yetirilir.

Tədbirdə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri Leyla Hüseynovanın icra olunan layihənin perspektivləri barədə çıxışı, o cümlədən digər iştirakçıların fikirləri maraqla dinlənilib. Keçirilən müzakirələr zamanı iştirakçıların səsləndirdikləri suallar və aktuallığı ilə səciyyələnən məsələlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur