Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təlimlərdə iştirak edib
Dövlət Miqrasiya Xidmətinin inzibati binasında “Azərbaycan dili ilə bağlı yeni dövlət proqramının mahiyyəti” mövzusunda təlim təşkil edilib.
Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva Azərbaycan dilinin çoxəsrlik inkişaf tarixindən, onun saflığının qorunmasında, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətindən bəhs edib. Bildirib ki, Ulu öndərin dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Əliyeva Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanının əhəmiyyətini diqqətə çatdırıb. Söyləyib ki, qeyd edilən Fərman dövlət dilimizin tətbiqinin daha da yaxşılaşdırılmasına mühüm töhfədir.
Vurğulanıb ki, ana dilimizin saflığını, təmizliyini hər bir ziyalı, hər bir vətəndaş qorumalıdır və bu bizim ümdə vəzifəmizdir.
Sonda Xidmət əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.