newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə səfər ediblər

Məqsəd Mərkəzdə yerləşdirilən miqrantların saxlanılması şəraitini və real vəziyyətini əyani şəkildə öyrənmək olub.

Şuranın sədri Azər Allahverənov və üzvləri qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış və Mərkəzdə yerləşdirilmiş miqrantlarla görüşüb, onların ölkəyə gəlişinin səbəbləri, buradakı fəaliyyətləri, hazırda saxlanıldıqları şəraitlə tanış olub, onları narahat edən məsələlər ətrafında müzakirələr aparıblar.

Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzindəki miqrantlar İctimai Şuranın üzvlərinə Mərkəz əməkdaşları tərəfindən onlara göstərilən diqqət və qayğıdan, bütün xidmətlərdən, buradakı şəraitdən məmnun qaldıqlarını, onların ölkədən çıxarılması barədə müvafiq qərarı gözlədiklərini bildiriblər.

Onlarla aparılan izahat nəticəsində bu şəxslər hansı xətalara yol verdiklərini başa düşüblər və gələcəkdə yenidən Azərbaycana səfər etdikdə bu səhvləri təkrarlamayacaqlarını bildiriblər.

Monitorinqdə iştirak edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin yekdil qənaəti bundan ibarət olub ki, Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti və şəraiti insan hüquq və azadlıqlarının təmin olunması prinsiplərinə uyğun təşkil edilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur