newsPhoto

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi müzakirə edilib

 

Dövlət Miqrasiya Xidmətinin aparatında (DMX) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında yeni İnzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov seminar iştirakçılarını salamlayaraq, onlara uğurlar arzu edib. Xidmət rəisi təlimin Xidmət əməkdaşlarının bilik və bacarıqlarının daha da artmasına töhfə verəcəyini bildirib.

Sonra GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri cənab Tomas Meyer çıxış edərək təlimin keçirilməsində Dövlət Miqrasiya Xidmətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, DMX-nin təlimlərə önəm verməsini yüksək qiymətləndirib.

Seminarda Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi, inzibati icraatın başlanılması əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrasına dair mövzuların təqdimatı edilib.

Qeyd edək ki, keçirilmiş tədbirdə DMX-nin aparatının və Xidmətin regional miqrasiya idarələrinin əməkdaşları iştirak ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur