Vüsal Hüseynov: “İnkişaf etmiş ölkələr, böyük beynəlxalq təşkilatlar qaçqın probleminin həllində daha məsuliyyətli olmalı, dəstəklərini artırmalıdırlar”.
Bu fikri Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə səsləndirib.
Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai çıxış edərək dünyada mövcud olan qaçqın və məcburi köçkün probleminin həllində dövlətlərin birləşməsini və dəstək göstərmələrinin vacibliyinə toxunublar, problemin günü-gündən daha da dərinləşdiyini, ötən illərlə müqayisədə dünyada bu insanların sayının artmasının ciddi narahatçılıq doğurduğunu bildiriblər. Tədbirdə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin videomüraciəti nümayiş etdirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib ki, qaçqın, köçkün problemi həqiqətən də qlobal problemdir və ciddi yanaşma tələb edir. İnkişaf etmiş ölkələr, böyük beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəklərini artırmalıdırlar. Xidmət rəisi qeyd edib ki, beynəlxalq təşkilatların fəaliyyətinin genişlənməsi, dövlətlərin gördüyü tədbirlərin çoxalması, dünyanın resurslarla zənginləşməsi fonunda əslində dünyadakı qaçqınların sayı azalmalı idi. Təəssüf ki, bu problem dünya miqyasında getdikcə artır.
Xidmət rəisi vurğulayıb ki, son 20 ildə dünyada qaçqınların sayı təxminən 60 faiz artaraq 70 milyonu ötüb. Bunun 40 milyonu məcburi köçkünlər, 25 milyonu qaçqınlar, 3,5 milyonu sığınacaq axtaran şəxslərdir. Təəssüf ki, bu rəqəmlərin 1 milyonu azərbaycanlı qaçqınların payına düşür və dövlətimiz tərəfindən bu qəbildən olan insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Lakin, məsələ bununla bitmir. Bu insanlar öz doğma torpaqlarına qayıtmalıdırlar.
Tədbirdə 20 iyun - Ümumdünya Qaçqınlar Günü ərəfəsində Miqrasiya könüllülərinin iştirakı ilə “Qaçqınlarla birgə addımlayaq” layihəsi çərçivəsində hazırlanan video-rolik nümayiş etdirilib.
Tədbir bədii hissə ilə başa çatıb.