newsPhoto

Qusarda “Əməkçi miqrantların müdafiəsi və yerli cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib

“İnsan hüquqları aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən “Tədbirlər Planı”na uyğun olaraq, Xaçmaz regional miqrasiya  idarəsinin xidməti ərazisi olan Qusar şəhərində “Əməkçi miqrantların müdafiəsi və yerli cəmiyyətə inteqrasiyası” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

          Tədbirdə Qusar rayonunun yerli icra nümayəndələri, bələdiyyələr, rayonun ictimai aktiv sakinləri və iş icazəsi alaraq regionda işləyən əcnəbilərdən ibarət  65 nəfər iştirak edib.

   Tədbiri giriş sözü ilə Qusar rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin rəisi Elman Kazımov açaraq, regionlarda miqrasiya sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinə görə Dövlət Miqrasiya Xidmətinə təşəkkürünü bildirib.

Sonra Xaçmaz regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri  Hidayət Rüstəmov  Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, Xidmətin regional idarələri, saxlama mərkəzləri, sərhəd keçid məntəqələrində xidmət yerləri, Vahid Miqrasiya Məlumat Sistemi, Elektron Sənəd Dövriyyəsi,  MİGAZ mobil tətbiqi, göstərilən elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiyası,  24 saat işləyən Çağrı mərkəzinin işi barədə geniş məlumat verib.

Şöbə rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Nail İsayev miqrasiya qanunvericiliyindəki əsas nüanslar - olduğu yer üzrə qeydiyyat, müvəqqəti yaşama icazəsi, daimi yaşama icazəsi, iş icazəsi və vətəndaşlıq məsələləri ilə bağlı yerinə yetirilən prosedurlar haqda izahlı çıxış edib.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur