newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş Miqrasiya Məktəbinin ilk məzunlarına sertifikatlar təqdim olunub

Gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və onları dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi ilə yaradılan Miqrasiya Məktəbi 2018-ci ilin noyabr ayında fəaliyyətə başlayıb. 

Azərbaycan Respublikasının müxtəlif universitetlərinin məzun və tələbələrindən ibarət 15 iştirakçı məktəbə müsabiqə ilə qəbul olunub və 6 aylıq tədris proqramına cəlb edilib.   

Bu müddət ərzində, məktəblilər miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə miqrasiyanın idarəedilməsi, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional çərçivəyə dair 30 təlimə cəlb olunub, həmçinin Dövlət Miqrasiya Xidmətində təcrübə keçmək imkanı əldə ediblər.

Miqrasiya Məktəbində təlimlər əsasən Xidmətin təcrübəli əməkdaşları, o cümlədən, beynəlxalq qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən keçirilib.

  Bağlanış mərasimində iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qeyd edilən müddət ərzində təşkil edilən məktəbin fəaliyyətini yüksək qiymətləndirərək məzunlara uğurlar arzulayıb. Xidmət rəisi hazırda DMX-nın nəzdində İnformasiya Texnologiyaları məktəbinin də fəaliyyət göstərdiyini bildirib və gələcəkdə bu sahədə yeni istiqamətlərin müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.

Sonda məzunlara sertifikatlar təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur