newsPhoto

Dövlət Miqrasiya Xidməti əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Novruz şənliyi təşkil edib

Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxlərin iştirakı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bayram tonqalı alovlandırıldıqdan sonra Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını xalqımızın qədim tarixini, milli adət və ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsinə, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təmələ söykənir.

Xidmət rəisi söyləyib ki, dünyada tolerant, multikultural ölkə kimi tanınan Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxlər diqqət və qayğı ilə əhatə olunublar. Bu gün milli bayramımız olan Novruzun Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində təşkil edilməsi dövlətimizin əcnəbilərə həssas münasibətinin və qayğısının təcəssümüdür.   

Sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxlər adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olublar. Bayram şənliyində Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

 Qeyd edək ki, tədbirdə Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə və İctimai Şuranın sədri Azər Allahverənov iştirak ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur