newsPhoto

Ali təhsil ocağında maarifləndirmə tədbiri tələbələr tərəfindən maraqla qarşılanıb

 

Dövlət Miqrasiya Xidmətin yaradılmasının 12-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialında müəllim və tələbə heyətinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Görüş iştirakçılarına Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, eləcə də əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verilib. 

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər - olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi qaydalarından söhbət açılıb. Qeyd olunub ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. Diqqətə çatdırılıb ki, hər bir əcnəbi ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olaraq qanunvericiliyin tələblərinə əməl etməli, ölkədə olma və yaşamalarını leqallaşdırmalıdırlar.

Həmçinin tədbir iştirakçılarına “MİGAZ”ın istifadəsi və tətbiqində olan yeniliklər ilə bağlı məlumatlar verilib və video təlimat vasitəsi ilə göstərilib, “Miqrasiya Könüllüsü-Sən fərqlisən!” layihəsi haqqında məlumat verilib.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

         Tədbirin sonunda səyyar xidmət  həyata  keçirilib. Səyyar xidmətin imkanlarından 21 nəfər  istifadə edib. Belə ki, onlardan 11 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 4 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur