newsPhoto

“Miqrant” mövzusunda foto və video müsabiqənin qalibləri elan olunub

Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 12-ci ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqan­ları işçilərinin peşə bayramı ərəfəsində silsilə tədbirlər davam etdirilir.

18 Mart 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində “Miqrant” mövzusunda Foto və Video müsabiqənin qalibləri və mükafatçıları təltif ediliblər. Əvvəlcə tədbir iştirakçıları foto sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov yaradıcı insanlar arasında miqrasiya mövzusuna olan marağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, dünyada baş verən miqrasiya prosesləri, ölkəmizdə bu sahədə aparılan islahatlar, DMX tərəfindən həyata keçirilən tədbirlər və yeniliklərin bu qəbildən olan insanların iştirakı ilə cəmiyyətə çatdırılması çox faydalı və məlumatlandırma cəhətdən effektlidir. Müsabiqəyə qatılan hər bir iştirakçıya təşəkkürünü bildirən Xidmət rəisi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə keçirilən bu müsabiqənin ənənəvi olacağını qeyd edərək, gələcək illərdə  istər coğrafi miqyasının, istərsə də iştirakçı sayının daha da artacağına əminliyini ifadə edib.

Daha sonra münsiflər heyətinin sədri, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru, Ümumrespublika Prodüsserlər Gildiyasının sədri, əməkdar incəsənət xadimi Müşviq Hətəmovun,  Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, münsiflər heyətinin  üzvləri, rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovun, GİN-nin mətbu orqanlarının fotoqrafı, “Gilavar” klubunun həmtəsisçisi, “Tərəqqi” ordeni sahibi Dilavər Nəcəfovun,  Azərbaycan Fotoqrafçılar birliyinin üzvü, AzərTac-ın foto müxbiri, əməkdar mədəniyyət işçisi İlqar Cəfərovun, Əməkdar artist, teleaparıcı, jurnalist, ssenarist Nərgiz Cəlilovanın,  Azvision.az saytının rəhbəri  Vüsal Məmmədovun qərarı ilə  qalib və mükafatçılar elan ediliblər. 

Foto müsabiqəsində 18 müəllifin 44 işi, video nominasiyasında isə 11 müəllifin 12 işi münsiflər heyəti tərəfindən araşdırılıb. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Amerika, Çexiya və Almaniyada çəkilib. Fotoqraflar Aydın Məmmədov “Seneqal Respublikasının miqrantları”, Lalə Nağıyeva “Suriyalı qaçqınlar” və Kərim Abbasov “Getmə-getmə” fotoları ilə 3-cü yerə layiq görülüblər. Emil İbrahimovun “Pakistanlı uşaq” və Mirnaib Həsənoğlunun “Qarabağlı qaçqın uşaqlar” fotoları 2-ci yerlə qiymətləndirilib. Ən yaxşı foto nominasiyasında qalib əfqanıstanlı müəllif Əhməd Cavad Əkbərzadənin “Qadının qəmgin hissləri” işi olub.

Müsabiqənin Video nominasiyasında “M prodakşın”ın “Sən xoşbəxtsən” video çarxı 3-ü mükafatı qazanıb. Ceyhun Türksoyun “YOL”, Elşən Əliyevin “Ən tək” filmləri 2-ci yerə çıxıblar. Ən yaxşı film nominasiyasında Mehman Rəsulovun “Bumeranq” filmi baş mükafatı qazanıb.

Qalib və mükafatçılara diplomlar və qiymətli hədiyyələr təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur