Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü və Beynəlxalq Novruz bayramı ilə əlaqədar Xaçmaz Regional Miqrasiya İdarəsi “Dövlət Miqrasiya Xidməti-12 il” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Rayon icra hakimiyyəti aparatının əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, digər idarə və təşkilatlardan 85 nəfər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Emin Ağayev maarifləndirmə tədbirinin əhəmiyyətini vurğulayaraq miqrasiya orqanları işçilərini qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edib.
Sonra Xaçmaz Regional Miqrasiya İdarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov Xidmətin 12 il ərzində keçdiyi yol barədə ümumi məlumat verib. O, çıxışında Dövlət Miqrasiya Xidmətinin sərhəd keçid məntəqələrindəki miqrasiya bölmələrinin fəaliyyəti, yeni mobil tətbiq – MİGAZ, Xidmət tərəfindən göstərilən 14 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyası, 919 Çağrı mərkəzinin 24 saatlıq iş rejimində çalışmasını və digər yenilikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra bölmə rəisi, I dərəcəli miqrasiya xidməti qulluçusu Nail İsayev miqrasiya qanunvericiliyində əsas nüanslar - olduğu yer üzrə qeydiyyat, müvəqqəti yaşama icazəsi, daimi yaşama icazəsi, iş icazəsi və vətəndaşlıq məsələləri ilə bağlı yerinə yetirilən prosedurlar barədə izahlı çıxış edib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.