newsPhoto

2 fevral Gənclər Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində tələbələrlə görüş keçirilib.

Dövlət Miqrasiya Xidmətində 2 fevral Gənclər Günü qeyd edilib. Bu münasibətlə Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbələri üçün Xidmətdə info-tur təşkil olunub.

40 nəfərdən ibarət tələbə qrupu əvvəlcə, Heydər Əliyev muzeyində olub. Burada gənclər dünya şöhrətli dövlət xadimi, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən məlumatlarla tanış olublar.
Daha sonra DMX-nin konfrans salonunda görüş keçirilib. Xidmət rəisi Vüsal Hüseynov tələbələri salamlayaraq əlamətdar gün münasibəti ilə təbrik edib. Azərbaycanda gənclər siyasətinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Xidmət rəisi son illər Azərbaycan prezidenti İlham Əliyevin gənclərə diqqət və qayğısından söhbət açıb, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhəmiyyətini xüsusi vurğulayıb. Tələbələrin suallarını cavablandıran Xidmət rəisi tələbələrə təhsillərində və gələcək işlərində uğurlar arzulayıb.  

Tədbirdə Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi, miqrasiyanın digər sahələrə təsiri və bağlılığı, beynəlxalq qurumlarla əməkdaşlıq, tətbiq edilən innovasiyalar haqqında ətraflı təqdimat keçirilib. İnfo-tur çərçivəsində tələbələr DMX-nın 919 Çağrı mərkəzi və vətəndaş qəbulu şöbələrinin fəaliyyəti, burada yaradılan şəraitlə yaxından tanış olublar.
Sonda gənclər Qanunsuz miqrantların saxlanma mərkəzinə gediblər. Buarada tələbələr mərkəzin fəaliyyəti, saxlanma müddətində miqrantların asudə vaxtlarının səmərəli təşkili, tədris otaqları və idman məşğələləri üçün yaradılmış şəraitlə yerində tanış olub, həmin insanlarla söhbətlər aparıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur