Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının daxili işlər nazirinin müavini cənab İsmail Çataklı arasında görüş keçirilib.
Dövlət Miqarasiya Xidmətinin inzibati binasında təşkil olunan rəsmi qəbulda Türkiyə Respublikasının daxili işlər nazirinin müavini cənab İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfəri cənab Erkan Özoral və səfirliyin bir sıra əməkdaşları iştirak edib.
Qonaqları səmimi salamlayan Xidmət rəisi Vüsal Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında səmimi və qardaşlıq bağlarının möhkəmləndirilməsində əvəzsiz fəaliyyətlərini, iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu və bu görüşün böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
Azərbaycan ilə Türkiyə arasında əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıqla bağlı “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” 2013-cü ildə imzalanmış Sazişin əhəmiyyətindən danışan Xidmət rəisi son zamanlar Qanunvericiliyin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini, miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni Qanun layihələrinin qəbul olunmasını, ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təminatı, ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, şəffaflığın təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Vüsal Hüseynov Türkiyə Respublikası tərəfindən təklif olunan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında miqrasiya, readmissiya və vətəndaşların qarşılıqlı səyahətlərinin sadələşdirilməsinə dair Saziş” layihəsinin həyata keçirilməsi ilə əlaqədar bir sıra işlərin görüldüyünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikasının daxili işlər nazirinin müavini cənab İsmail Çataklı Türkiyənin bütün istiqamətlər üzrə Azərbaycan dövləti ilə əlaqələrin gücləndiriliməsində marağlı olduğunu, hər iki ölkə vətəndaşlarının əmək, əmək miqrasiyası sahəsində hüquq və vəzifələrinin tam təmin olunmasında birgə layihələrin həyata keçirilməsinin, Azərbaycan Türkiyə qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini bildirib.
Görüşdə iki dövlət arasında miqrasiya sahəsində qarşılıqlı gələcək əməkdaşlıq, Türkiyədə yaşayan azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, “Azərbaycan Respublikası DMX ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi arasında Miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memarandumu”nun layihəsi və s. məsələlər barədə müzakirələr aparılıb. Sonda xatirə şəkili çəkilib.