newsPhoto

Dövlət Miqrasiya Xidmətində xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə görüş keçirilib

15 yanvar 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlarının məsul şəxsləri ilə maarifləndirmə tədbiri keçirilib.

Məqsəd diplomatik nümayəndələri miqrasiya sahəsində həyata keçirilən yeniliklər ilə bağlı məlumatlandırmaq olub.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev tədbiri giriş sözü ilə açaraq qanunvericiliyə edilmiş son dəyişikliklər, xidmət tərəfindən həyata keçirilən tədbirlər, sərhəd keçid məntəqələrində Dövlət Miqrasiya Xidmətinin miqrasiya bölmələrinin fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, əcnəbilərin ölkəmizə gəlmələri, istirahət etmələri, yaşamaları üçün münbit şərait yaradılıb. Qanunvericilik sadələşdirilib. Çalışırıq ki, əcnəbilərin respublikamızda rahatlığı təmin olunsun və Azərbaycandan xoş təəssüratlarla getsinlər.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Milli layihə rəhbəri Elnur Nəsibov çıxış edərək DMX ilə MSİBM arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı və MOBİLAZE layihəsinin əhəmiyyəti barədə məlumat verib.

Sonra Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklər”, Bakı şəhər Regional miqrasiya idarəsinin rəis müavini İslam Ağayev “Ölkənin sərhəd keçid məntəqələrində Dövlət Miqrasiya Xidmətinin miqrasiya bölmələrinin fəaliyyəti”, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin əməkdaşı İlqar Əlizadə ““MİGAZ” mobil tətbiqi” mövzularında məruzə ilə çıxış ediblər. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur