Məşvərət Şurasının növbəti iclası keçirilib
27 dekabr 2018-ci il tarixdə Dövlət Miqrasiya Xidməti (DMX) yanında Məşvərət Şurasının növbəti iclası olub. Görüşün keçirilməsində məqsəd miqrasiya sahəsində baş vermiş son yeniliklər barədə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələrinin məlumatlandırılması, eləcə də miqrasiya idarəçiliyinin biznes mühitinə təsiri barədə özəl sektor təmsilçilərinin fikirlərini öyrənmək idi.
Görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qanunvericiliyin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini və artıq miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni Qanun layihələrinin qəbul edildiyini bildirib. Xidmət rəisi islahatların məqsədinin ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin edilməsi, turizm baxımından cəlbediciliyin artırılması və sahibkarlığın inkişafının dəstəklənməsi olduğunu vurğulayıb.
Xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində də Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi tədbirlərin davam etdirildiyini bildirən Xidmət rəisi DMX-nin bir sıra quru sərhəd keçid məntəqələrində də xidmət bölmələrinin artıq fəaliyyətə başladığını diqqətə çatdırıb.
Xidmət rəisi bildirib ki, DMX-nin yenicə istifadəyə verilmiş “MİGAZ” mobil tətbiqetməsi qurumun təqdim etdiyi xidmətlərin daha əlçatan olması, eləcə də daha geniş kontingentə faydalı və çevik xidmət göstərmək, o cümlədən ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan haqqında, tətbiq olunan viza və miqrasiya qaydaları barədə ilkin məlumatlarla təmin etmək məqsədi daşıyır.
Maarifləndirmə kampaniyaları və vasitələri ilə miqrasiya sahəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eləcə də ictimaiyyət arasında məlumatlılığın artırılması prioritetlər sırasında olduğunu qeyd edən Xidmət rəisi bu baxımdan miqrasiya sahəsində maarifləndirmə kampaniyalarının əcnəbilərlə təmasın daha çox olduğu məkanlarda gücləndirilmiş qaydada aparıldığını nəzərə çatdırıb.
Daha sonra işgüzar qaydada qaldırılan məsələlərin həlli istiqamətində gələcək planlar barədə müzakirələr aparılıb. Dövlət Miqrasiya Xidmət yanında İctimai Şuranın, Britaniya Biznes Qrupunun, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı Nümayəndəliyinin, eləcə də İtaliya-Azərbaycan Ticarət Palatasının və digər qurumların nümayəndələri bir sıra məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.