newsPhoto

İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı ilə görüşüb

Xəbər verdiyimiz kimi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində ezamiyyətdədir.

28 noyabr tarixində sessiya çərçivəsində keçirilən ümumi müzakirələrdə çıxış edən V.Hüseynov miqrasiyanın qlobal inkişaf gündəliyində önəmli yer tutduğunu bildirib, Azərbaycan Hökumətinin qanuni miqrasiyanın təşviqi və sadələşdirilməsi istiqamətində atdığı addımlar barədə Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətləri məlumatlandırıb. Dünya miqyasında məcburi köçürülən şəxslərin əksəriyyətinin öz ölkələri daxilində köçürülmüş şəxslər olduğuna diqqəti çəkən Xidmət rəisi Ermənistanın işğalı nəticəsində 700 mindən çox həmvətənlimizin məcburi köçkünə çevrildiyini qeyd edib. V.Hüseynov hazırkı status kvonun regionda miqrant qaçaqçılığı və insan alveri risklərini artırdığını bildirib, bunun da öz növbəsində qlobal miqrasiyaya təhdid rolu oynadığını vurğulayıb.

Çıxışa görə Xidmət rəisinə təşəkkürünü bildirən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino Azərbaycanın miqrasiya idarəçiliyi modelinin yaxşı nümunə olduğunu qeyd edib, Azərbaycanın məcburi köçkünlərlə bağlı narahatlığını bölüşdüyünü diqqətə çatdırıb.

Eyni tarixdə Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi ilə görüşüb.

Görüşdə V.Hüseynov Azərbaycan Hökumətinin humanitar sahədə əsas beynəlxalq tərəfdaşlarından olan BMT QAK-la uzunmüddətli faydalı əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycanda effektiv sığınacaq sisteminin yaradılmasında BMT QAK tərəfindən göstərilən dəstəyin önəmini vurğulayan Xidmət rəisi bu sahədə milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Xidmət rəisi BMT Baş Assambleyası tərəfindən bu il qəbul olunması nəzərdə  tutulan Qaçqınlar üzrə Qlobal Kompaktın qaçqınların müdafiəsi və problemlərinin həlli ilə bağlı yeni qlobal yanaşmalar üçün başlanğıc nöqtəsi olacağına ümid etdiyini bildirib. Qaçqınlar üzrə Qlobal Kompaktın əsasən qaçqınlarla bağlı olduğuna diqqəti çəkən V.Hüseynov məcburi köçkün problemi ilə üzləşən Hökumətin nümayəndəsi kimi sonuncu kateqoriyadan olan şəxslərin problemlərinin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. 

F.Qrandi Azərbaycanla mövcud olan əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi təşkilatın bundan sonra da qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsində Azərbaycan Hökumətinə dəstək verməkdə davam edəcəyini diqqətə çatdırıb. Ali Komissar Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində Hökumət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.            

Səfər çərçivəsində nümayəndə heyətini ölkəmizin BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi müşayiət edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur