Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 109-cu sessiyasında iştirak edir
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 109-cu sessiyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasında rəsmi səfərdədir.
Cenevrədə yerləşən Beynəlxalq Konfrans Mərkəzində noyabrın 27-dən 30-dək keçiriləcək sessiyada tədbirin gündəliyinə uyğun olaraq təşkilati məsələlərə baxılması, Şura sədrinin, sədr müavinlərinin və məruzəçilərinin seçilməsi nəzərdə tutulmuşdur. Sessiyada BMqT-nin yeni baş direktoru Antonio Vitorinonun geniş hesabat məruzəsi ilə çıxışı planlaşdırılır.
Sessiya çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən “Birləşmiş Millətlər Təşkilatının Miqrasiya üzrə Şəbəkəsi: İcmal”, “Miqrasiya ilə əlaqədar səhiyyə üzrə siyasətin uzlaşdırılması: çağırışlar və imkanlar” və “Daxili köçürülmələrə cavab: Dövlətlərlə dialoq” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi nəzərdə tutulur.
Sessiya öz işini noyabrın 30-da yekunlaşdıracaq.