Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib
Tədbirdə işçi qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi İdarəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri iştirak ediblər.
İşçi qrupunun fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2014-cü il sentyabrın 1-dən qüvvəyə minmiş readmissiya haqqında Sazişin ötən dövr ərzində icrası barədə ətraflı məlumat verib. Bildirib ki, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması üçün Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılan işçi qrupunun üzərinə böyük vəzifələr düşür.
Xidmət rəisi respublikaya readmissiya edilmiş ölkə vətəndaşları arasında yardıma ehtiyacı olanlara müvafiq köməkliyin göstərilməsinin, onların səmərəli reinteqrasiyasının təşkilinin, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. Həmçinin ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən görülümüş işləri diqqətə çatdırıb.
Sonra müvafiq dövlət qurumları tərəfindən reinteqrasiya ilə bağlı görülmüş işlərə dair ümumi müzakirələr və bu istiqamətdə qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığına əsasən yaradılan reinteqrasiya işçi qrupuna Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri daxildir. Dövlət Miqrasiya Xidməti işçi qrupda əlaqələndirici qurum qismində çıxış edir.