Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov: “Miqrasiya tənzimlənmədiyi zaman ciddi problemlər yaradır”.
Bu fikirlər Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə təşkil edilən Caspian European Clubun biznes-forumunda söylənilib.
Biznes-forumda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov forumun əhəmiyyəti, dünyada və ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib. Bildirib ki, Caspian European Clubun üzvləri ilə artıq ənənə halını almış görüşlər ölkəmizdə dövlət və özəl sektor arasında dialoqun inkişafına, şəffaflığın artırılmasına bundan sonra da töhfəsini verəcək.
258 milyondan artıq beynəlxalq miqrantın mövcud olduğunu, dünyada miqrasiya proseslərinin və əmək miqrasiyasının tənzimlənməsinin ən aktual problemlərdən biri sayıldığını deyən Xidmət rəisi bu sahədəki proseslərin hər zaman diqqətdə saxlanmasının vacibliyini vurğulayıb: “Bir tərəfdən miqrasiya çoxsaylı faydalar və fürsətlər ilə insanları təmin edir. Lakin, bu proses tənzimlənmədiyi zaman ciddi problemlər yaradır. Bu səbəbdən təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün dünyanın qarşısında duran prioritetlərdəndir.”
Vüsal Hüseynov söyləyib ki, Azərbaycan Respublikası üçün də miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun tənzimlənməsi, həmçinin miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılmasında miqrasiya qaydalarının sadələşdirilməsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş prioritet vəzifələrdəndir. Bu baxımdan, Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı təhlillər aparılmaqla yeni dəyişikliklərin edilməsi məqsədilə təkliflər verilir.
Xidmət rəisi bildirib ki, biznes dairələrindən gələn təkliflər də nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi məqsədilə “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib. Azərbaycanın quru sərhədlərində DMX-nin bölmələrinin yaradılması prosesinin davam etdirildiyini bildirən Vüsal Hüseynov, Bakı şəhər Regional Miqrasiya İdərəsinin də əsaslı təmirdən sonra tezliklə müasir tələblərə cavab verəcək şəkildə fəaliyyət göstərəcəyini, o cümlədən hazırda Xidmətinin rəsmi mobil tətbiqinin hazırlanması istiqamətində də işlərin yekunlaşacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sözügedən tətbiqin istifadəyə verilməsi əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılmasını, eləcə də Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsini təmin edəcəkdir: “Digər mühüm bir layihə isə miqrasiya ilə bağlı ümumi məlumatlandırma platforması funksiyası daşıyacaq, əcnəbilərə ölkə haqqında, eləcə də qanunvericiliyin tələbləri barədə məlumatların anlaşıqlı dildə çatdıracaq yeni veb səhifənin yaradılmasıdır. Hazırda bu istiqamətdə də intensiv işlər davam etdirilir.”
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova Caspian European Clubun fəxri üzvlük sertifikatı təqdim olunub.
Daha sonra Xidmət rəisi şirkət rəhbərlərinin və nümayəndələrinin, o cümlədən media təmsilçilərinin suallarını cavablandırıb.
Görüş zamanı biznes-forum iştirakçılarının təklifləri, eləcə də Caspian European Club şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.