Astara Pedoqoji kollecində qanunsuz miqrasiyaya qarşı mübarizədən danışılıb
Dövlət Miqrasiya Xidmətinin (DMX) Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Astara Pedaqoji kollecində “Qanunsuz miqrasiya hallarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
200 nəfərə yaxın pedaqoji kollektivin və tələbənin iştirak etdiyi görüşdə dinləyicilərə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma və yaşama qaydaları, təhsil əsasında müvəqqəti yaşama icazəsinin alınması, olduğu yer üzrə qeydiyyat qaydaları, Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklər, qanunsuz miqrasiya hallarının aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi tədbirlər, qanunvericiliyin tələblərinin pozulması zamanı inzibati məsuliyyət barədə geniş məlumat verilib. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşaması, iş icazəsinin verilməsi ilə bağlı prosedurların sadələşdirildiyi konkret faktlarla diqqətə çatdırılıb.
Bildirilib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti tərəfindən müraciət edənlərin məmnunluğunun təmin edilməsi, daxili əmək bazarının qorunması kimi ümdə vəzifələr bundan sonra da diqqətdə saxlanılacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.