Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 əcnəbi saxlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb. Onlardan 8 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər İraq vətəndaşı Dövlət Təhlükəsizlik Xidməti (DTX), 4 nəfər Pakistan vətəndaşı isə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş birgə tədbirlər zamanı saxlanılıb.
Saxlanılmış 11 nəfərin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları və digər 158 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Həmin əcnəbilərdən 150 nəfər barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.