newsPhoto

Dövlət Miqrasiya Xidməti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında seminar keçirib

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında professor və müəllim  heyətinin, əlaqələndirici nümayəndələrin, metodistlərin, aidiyyəti üzrə ekspertlərin, həmçinin təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində  təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları” və “Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması” mövzularında  hüquqi maarifləndirmə  seminarı keçirilib.

ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova ictimai maarifləndirmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin miqrasiya sahəsində hüquqi biliklərinin artırılmasına xidmət edən seminarın əhəmiyyətindən danışıb. İştirakçılar adından belə bir maarifləndirmə tədbirinin təşkilinə görə minnətdarlıq edib.

Seminarda  Ağsu regional miqrasiya idarəsinin məsul əməkdaşları qanunvericiliyə edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat veriblər.

Həmçinin diqqətə çatdırılıb ki, DMX ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi və  idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər görülür.

Seminarda DMX-nin elektron xidmətləri barədə geniş məlumat verilib. Video-slaydlar vasitəsilə elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə izah olunub.

 Mövzularla bağlı verilən suallar qanunamüvafiq qaydada cavablandırılıb və geniş  fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur