newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Xidmət rəisi Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdə miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son illər respublikamıza beynəlxalq miqyasda artan maraq, Azərbaycanın turizm imkanları dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyədən Azərbaycana səfər edənlərin sayının artmasına səbəb olub. Azərbaycan dövləti miqrasiya məsələləri ilə bağlı vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi istiqamətində əsaslı tədbirlər görür. Belə ki, miqrasiya qanunvericiliyi daha da təkmilləşdirilir. Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklərin, həmçinin DMX tərəfindən aparılan islahatların məqsədi də ölkəmizdə miqrasiya proseslərinin idarəedilməsinin və tənzimlənməsinin daha mükəmməl həyata keçirilməsinə xidmət edir.

Vüsal Hüseynov Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məsələlərinə toxunub.

Səfir Erkan Özoral Azərbaycanın bütün sahələrdə qazandığı uğurların Türkiyə üçün də qürur mənbəyi olduğunu vurğulayıb. O, hər iki ölkənin müvafiq qurumları arasında birgə əməkdaşlıq imkanları barədə danışıb. Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur