newsPhoto

Azərbaycanda məskunlaşmış qaçqın icmalarının üzvləri ilə Dövlət Miqrasiya Xidmətində görüş keçirilib

21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə elan olunmuş  “Sülh aylığı” çərçivəsində Azərbaycanda məskunlaşmış qaçqın icmalarının üzvləri ilə Dövlət Miqrasiya Xidmətində (DMX) görüş keçirilib.

BMT QAK-ın nümayəndəsinin iştirakı ilə keçirilmiş tədbirdə qaçqın statusu almış şəxslərin inteqrasiyası və sosial mü­da­fiəsi, onların hüquqlarının qorunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə qaçqınların və sığınacaq axtaranların əsas hüquqları və vəzifələrindən danışılıb. DMX-nın Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Aydan Seyidova Azərbaycanda bu həssas təbəqənin nümayəndələri ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Dünyanın ayrı-ayrı bölgələrində sülh və sabitliyin pozulması nəticəsində milyonlarla insanın məcburi miqrant həyatı yaşadığı təəssüflə qeyd edilib. Bu gün dünyanın sülhə böyük ehtiyacının olduğu bildirilib.

Ölkəmizdə bir milyondan çox qaçqının və  məcburi köçkünün olmasına baxmayaraq Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına, qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə hörmətlə yanaşdığı, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyi və başqa ölkələrdən olan sığınacaq axtaran şəxsləri qəbul edərək onlara ölkə ərazisində təhlükəsiz yaşamağa hər bir şərait yaratdığı konkret faktlarla diqqətə çatdırılıb. Qeyd edilib ki  Azərbaycan BMT-nin Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna qoşulub. Ötən dövr ərzində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və sığınacaq sahəsində proseslərin tənzimlənməsi məqsədilə bir sıra qanunlar qəbul olunub və normativ-hüquqi sənədlər təsdiq edilib. 

Azərbaycanda sığınacaq axtaran və qaçqın statusu almış şəxslərin, onların ailə üzvlərinin qanunla nəzərdə tutulmuş əsas imtiyazları təmin edilib. Dövlət Miqrasiya Xidmətinin qeydiyyatında olan qaçqınların, qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə müraciət etmiş şəxslərin, həmçinin BMT QAK-ın himayəsində olan şəxslərin və övladlarının respublikanın ümumtəhsil məktəblərində pulsuz və ali təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun təhsil almaq hüququ var. Sığınacaq axtaran və qaçqın statusu almış şəxslərin məşğulluğunun təmin edilməsi və onlara əmək bazarının tələbatlarına uyğun iş yerlərinin tapılması istiqamətində kömək göstərilməsi sahəsində müvafiq işlər həyata keçirilir. Qaçqınların sağlamlıqlarının qorunması və tibbi problemlərinin həlli ilə bağlı DMX tərəfindən zəruri tədbirlər görülür, həmçinin Səhiyyə Nazirliyi ilə birgə bu məsələlər diqqət mərkəzində saxlanılır.

Görüşdə qaçqınların əsas vəzifələri barədə məlumatlar verilib, olduğu yer üzrə qeydiyyata alınma və miqrasiya sahəsində qanunvericiliyin tələblərinə riayət olunması məsələləri ilə bağlı icma üzvlərinin sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur