Dövlət Miqrasiya Xidməti “Dünyada sülhün və sabitliyin təmin edilməsinin beynəlxalq miqrasiya axınlarına təsiri” mövzusunda seminar keçirib
BMT-nin elan etdiyi 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə elan olunmuş “Sülh aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən növbəti tədbir Gəncə şəhərində təşkil olunub.
“Dünyada sülhün və sabitliyin təmin edilməsinin beynəlxalq miqrasiya axınlarına təsiri” mövzusunda təşkil edilmiş seminarda ictimaiyyət nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edib.
Gəncə regional miqrasiya idarəsinin rəisi Orxan Xıdırov sülhün bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb. “Beynəlxalq Sülh Günü”nün mahiyyəti, sülh və sabitliyin təmin olunmasının xalqların və dövlətlərin inkişafındakı rolundan danışıb. Ölkəmizdə əcnəbilərə yaradılmış şəraitdən bəhs edib. DMX-nin fəaliyyət istiqamətləri haqqında iştirakçılara ümumi məlumat verib.
Tədbirdə Xidmət aparatının Beynəlxalq əməkdaşlıq idarəsinin şöbə rəisi Kənan Cəfərov məruzə ilə çıxış edib. Bildirib ki, bəşəriyyət tarixində həmişə böyük rol oynayan miqrasiya prosesi müasir beynəlxalq münasibətlər sistemində özünü qabarıq nümayiş etdirir. Xüsusilə sabitliyin və inkişafın bərqərar olduğu Azərbaycana gələn əcnəbilərin sayı ildən-ilə artır. Bu səbəbdən ölkəmizdə miqrasiya məsələləri prioritet yer tutur.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.