newsPhoto

Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində növbəti konfransı Şirvanda keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində Şirvan şəhərinin Gənclər Evində şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, digər dövlət qurumları rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, təhsil işçilərinin və ictimaiyyət təmsilçilərinin, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə konfrans keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva konfrans iştirakçıları adından belə bir tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən uğurlu dövlət siyasəti barədə danışıb.

Tədbirdə Şirvan regional miqrasiya idarəsi rəisinin müavini Şəmsəddin Məmmədov Dövlət Miqrasiya Xidmətinin yaradılma tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti barədə konfrans iştirakçılarına məlumat verib.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Emin Allahverdiyev “Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu və inkişaf yolu" və Xidmətin Təşkilat Nəzarət Baş İdarəsinin inspektoru Sahil Fətəliyev ”Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırmanın qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzularında geniş məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur