newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi: Əcnəbilərə iş icazələrinin verilməsi daha şəffaf və rahat formada olacaq

Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Avropa İttifaq - Azərbaycan Biznes Forumunda deyib.

700-dən çox biznes sektoru nümayəndəsinin qeydiyyatdan keçdiyi, nazirlərin, komitə sədrlərinin, Xidmət rəhbərlərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Avropa Komissiyasının Şərq Qonşuluğu üzrə direktorunun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktorunun iştirak etdiyi forumda ölkəmizdəki ən son iqtisadi inkişaf və islahatlar barədə ətraflı məlumat verilib.

Forumda Azərbaycanda biznes mühitinə dair respublikamızda fəaliyyət göstərən  Avropa İttifaqı şirkətlərinin iştirakı ilə keçirilən sorğuya əsasən hazırlanmış hesabat təqdim edilib. Hesabatda miqrasiya siyasətinin çevikliyi 2018-ci ildə əmək bazarı göstəriciləri arasında yaxşılaşmanın müşahidə olunduğu ikinci əsas sahə kimi qeyd olunub. Vurğulanıb ki, bu göstərici 3 ildə ilk dəfədir ki, orta səviyyədən yüksək qiymətləndirilir. Göstəricini qənaətbəxş hesab edən Avropa İttifaqı şirkətlərinin payı 2017-ci ildə 22 faizdən 2018-ci ildə 37 faizə qalxıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov adıçəkilən hesabatın planlaşdırılan islahatlarda kənar bir baxış kimi istifadə olunacağını söyləyib. O, müsbət dinamikanı qeyd edib və məmnunluq səviyyəsinin artırılmasında davamlılığın təmin ediləcəyini deyib. Miqrasiya siyasətinin çevikliyi, iş icazələrinin verilməsi ilə bağlı müsbət addımları diqqətə çatdırıb. Bildirib ki, yerli və xarici iş adamları ilə bu ilin mayında Dövlət Miqrasiya Xidməti rəhbərliyinin görüşü və bugünkü forumda biznes icması nümayəndələri ilə təmas gələcək birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinə və şəffaflığın artırılmasına öz töhfəsini verəcək. V.Hüseynov əlavə edib ki, iş icazələri ilə bağlı birbaşa DMX rəisinin nəzarətində olan qaynar xətt yaradılıb. Bundan əlavə əcnəbilərə iş icazələrinin verilməsinin daha şəffaf formasının təmin edilməsi məqsədilə iri şirkətlərin və təşkilatların nümayəndələrindən ibarət Məşvərət Şurası yaradılır.

Xidmət rəisi miqrasiya ilə bağlı 11 elektron xidmətin olduğunu və bu sahədə imkanların genişləndiriləcəyini də bildirib: “İş icazəsi alınması üçün sənədlərin verilməsindən yekun qərarın alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq. Bundan əlavə olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində də işlər görülür.”

Xidmət rəisi işgötürənləri növbəti il üçün Azərbaycanda iş icazəsi ilə bağlı kvotanın hazırlanması məqsədilə proqnoz məlumatları vaxtında təqdim etməyə çağırıb. Bildirib ki, bu daxili əmək bazarını təhlil etmək və kvotanın real tələbata uyğun hazırlanması baxımından önəmlidir. Ona görə də sahibkarlar bu işdə öz köməkliklərini göstərməlidirlər.

Forum ikitərəfli görüşlər, ekspert çıxışları və müzakirələrlə öz işini davam etdirib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur