newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Mayın 23-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə Azərbaycan ilə İsrail arasında miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərindən söhbət açılıb.

Xidmət rəisi iki ölkə arasında mövcud olan əlaqələrdən danışıb. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verib. Ölkəmizdə turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına inamını ifadə edib.

Səfir Dan Stav son dövrlərdə turizmin təşviqi istiqamətində Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycana gələn İsrail vətəndaşlarının sayında artımın müşahidə olunduğunu qeyd edib. İsrailin müvafiq qurumlarının Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə daha sıx əməkdaşlığının genişləndirilməsi istiqamətində ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlər, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur