newsPhoto

Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində Ağsuda konfrans keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının inzibati binasında Ağsu rayon İcra Hakimiyyəti başçısının, rayon prokurorunun, rayon məhkəməsi sədrinin,  polis şöbəsi rəisinin və digər dövlət orqanları rəhbərlərinin, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, təhsil işçilərinin və ictimaiyyət təmsilçilərinin, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə konfrans keçirilib.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seydəliyev konfrans iştirakçıları adından belə bir tədbirin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu və inkişaf yolu barədə danışıb.

Ağsu regional  miqrasiya  idarəsi rəisinin müavini Faiq Mustafayev Dövlət Miqrasiya Xidmətinin yaradılma tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti barədə konfrans iştirakçılarına məlumat verib.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Emin Allahverdiyev “Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu və inkişaf yolu" və Xidmətin Təşkilat Nəzarət Baş İdarəsinin inspektoru Vüsal Əmirli ”Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırmanın qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzularında geniş məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda Ağsu regional miqrasiya idarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması bölməsinin inspektoru Həmid Həbibov tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, həmçinin vətəndaşlıq məsələləri ilə bağlı iştirakçıları maraqlandıran çoxsaylı suallar qanunamüvafiq qaydada  cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur