Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənani ilə görüşüb.
Məqsəd tanışlıq və iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması olub.
Xidmət rəisi Azərbaycanla İndoneziya arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ölkəmizin haqlı mövqeyini dəstəkləyib.
V.Hüseynov ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb.
DMX rəisi Xidmətin fəaliyyət istiqamətləri və miqrasiya prosesləri barədə məlumat verib.
Səfir Hüsnan Bəy Fənani iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın inkişafını, xalqımızın tolerantlığını qeyd edib. İndoneziya vətəndaşlarının Azərbaycana turist səfərlərinin genişləndirilməsi istiqamətində planlardan danışıb. Bakı-Cakarta aviareysinin açılması məsələsinə toxunub. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.