newsPhoto

Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar

Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində fəaliyyət göstərən turizm obyektləri sahiblərinin, turizm informasiya agentliklərinin və regional turizm idarəsinin nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Görüş iştirakçılarına ölkədə turizm potensialının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları və inzibati məsuliyyət barədə ətraflı məlumat verilib. Bildirilib ki, fəaliyyət göstərdiyimiz region Azərbaycanın elə bir guşəsidir ki, buranı turistsiz təsəvvür etmək mümkün deyil. Xüsusilə yay aylarında bu zonaya gələn turistlərin sayının dəfələrlə artmasına hamımız şahidik. Qeyd edilib ki, turistlər ölkəyə gəldikdən sonra 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Turistlərin əsasən mehmanxalanda qaldıqlarını nəzərə alsaq, onların olduğu yer üzrə qeydiyyata alınmasında turizm obyektləri sahiblərinin və ya nümayəndələrinin iştirakı mühüm rol oynayır. Bu proseduru Xidmətin regional idarələrinə, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə birbaşa, həmçinin DMX-nin rəsmi saytı (migration.gov.az), elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə elektron qaydada da həyata keçirmək olar. Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı zamanı heç bir rüsum ödənilmir.

Qeyd edilib ki, əcnəbilərin qeydiyyatı və leqallaşdırılması barədə yaradılmış şəraitlə yanaşı qanunvericiliklə həmin qaydaları pozan həm əcnəbilərin, həm də onları qəbul edən şəxslərin inzibati məsuliyyətləri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 577-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Tədbirdə həmçinin viza verilməsi prosedurlarının  və qeydiyyat qaydalarının sadələşdirilməsi barədə məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur