Gəncədə ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin xidmət ərazilərində yerləşən şəhər və rayonlarda ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılması və maarifləndirilməsi məqsədilə tədbirlər keçirilir.
Bu silsilədən olan növbəti tədbir DMX-nın Gəncə regional miqrasiya idarəsinin inzibati binasında təşkil edilib. Görüşdə Gəncə regional miqrasiya idarəsinin xidmət ərazilərində fəaliyyət göstərən iri mehmanxana və pansionatların nümayəndələri, əcnəbi və yerli işəgötürənlər iştirakı ediblər.
Tədbirdə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları və qeydiyyat qaydalarının pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət”, “İşəgötürənlər tərəfindən iş icazələrinin alınması qaydaları və əmək miqrasiyası kvotası ilə bağlı proqnoz-məlumatların Dövlət Miqrasiya Xidmətinə təqdim olunması” mövzusunda məruzələr dinlənilib.
Bildirilib ki, yay fəslinin yaxınlaşması ilə əlaqədar olaraq ölkəmizə səyahət edən əcnəbilərin sayı artmaqdadır və onlar daha çox mehmanxanalarda qalırlar. Məhz bu baxımdan əcnəbiləri qəbul edən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında mehmanxanaların yaxından iştirakı vacibdir. Qeyd edilib ki, əcnəbilər ölkəmizdə 10 gündən artıq qalmaq istədikləri halda respublikaya gəldikləri vaxtdan 10 gün ərzində qeydiyyata düşməlidirlər.
İşəgötürülənlər tərəfindən əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin alınması qaydaları, əmək miqrasiyası kvotası ilə bağlı proqnoz-məlumatlar barədə ətraflı məlumat verilib.
Həmçinin əcnəbilərin ölkə ərazisinə gələrkən gəlişinin məqsədinə uyğun olan viza almalarının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb.