newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə DMX-nin yeni rəisi Vüsal Hüseynovun görüşündə Şurada təmsil olunan bütün qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Xidmətin inzibati binasında təşkil edilmiş görüşün məqsədi İctimai Şuranın fəaliyyəti ilə tanışlıq və təklifləri dinləmək, Şura üzvləri ilə Şuranın fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı fikir mübadiləsi aparmaq olub.

Xidmət rəisi Vüsal Hüseynov şəffaflığın prioritet kimi müəyyənləşdirildiyi DMX-nin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığına yeni yanaşmanının tətbiqinin zəruriliyini diqqətə çatdırıb. İctimai Şuranın Xidmətin həyatında da, miqrasiya proseslərində də əhəmiyyətini qeyd edib. V.Hüseynov vurğulayıb ki, DMX-də göstərilən xidmətlərin həm də olduğu kimi görünməsinin təmin edilməsi üçün əsaslı işlər görüləcək. O, insanların ictimai sektoru özünə yaxın hesab edib ünvanlandığı müraciətlər və digər təkliflərlə bağlı məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İctimai Şuranın əsas məqsədlərindən biri ictimaiyyətlə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və qərarvermə prosesində iştirakçılıqdır.

İctimai Şuranın sədri Azər Allahverənov, Şura üzvləri Sahib Məmmədov və Kəmalə Məmmədova çıxışlarında Xidmət rəisinin fəaliyyətinin başlanğıcında ictimai iştırakçılığa önəm verməsini təqdir ediblər. İctimaiyyəti düşündürən və Şuraya daxil olan bir sıra məsələlərə dair təkliflərini çatdırıblar.

İstər instutusional, istərsə də qanunvericilik və digər sahələri əhatə edən təklifləri yüksək qiymətləndirən V.Hüseynov gələcək görüşlərdə müzakirə olunan mövzular, sahələr üzrə ixtisaslaşmış qeyri hökumət təşkilatlarının iştirakının təmin ediləcəyini deyib. Və görüşlərin mütəmadi keçiriləcəyini söyləyib. Xidmət rəisi əlavə edib ki, İctimai Şura üzvləri DMX-nın fəaliyyətinin bütün istiqamətlərində, həmçinin saxlama mərkəzlərinə baş çəkməkdə sərbəst şəkildə yaxından iştirak etməlidirlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur