newsPhoto

Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb

Bu möhtəşəm idman yarışı ilə əlaqədar ölkəmizə təşrif buyuran əcnəbilərin Azərbaycana rahat gəlməsi və getməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələr uğurla icra edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bilib.

Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurdu. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar.

Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsi Uilyam Qolbourna təqdim edib.

Qeyd edək ki, Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin pilotu Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ alıb. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin pilotu Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilmişdi.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur