Biləsuvarda maarifləndirmə tədbirləri çərçivəsində görüş keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Biləsuvar şəhər 4 saylı orta  məktəbdə müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan miqrasiya siyasəti dünya miqrasiya proseslərinin kontekstində” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisində keçirilən görüşdə DMX-nın fəaliyyət istiqamətləri, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb. Bildirilib ki, hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkə ərazisində 10 gündən artıq qalmaq istədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycana gəldiyi vaxtdan 10 gün ərzində DMX-də olduğu yer üzrə qeydiyyata düşməlidir.

Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması barədə məlumat təbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Görüşdə məlumat verilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilirlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur