newsPhoto

Xaçmazda vətəndaşsızlıq hallarının aradan qaldırılmasına həsr edilmiş konfrans keçirilib

Dövlət Miqrasiya Xidmətinin “Vətəndaşlıq məsələləri əsas insan hüquqlarından biridir” mövzusunda təşkil etdiyi konfransda Xaçmaz rayon rəhbərliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin, aidiyyəti dövlət orqanlarının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Xaçmaz regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov tədbirin məqsədi barədə məlumat verib. Xidmətin ölkədə sənədsiz yaşayan şəxslərin leqallaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq Xaçmazda belə bir konfransın keçirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra DMX-nın Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin  vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. Habelə, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunub. Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq  işlər görülməkdədir.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 2199 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 66 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1528 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 44 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.

Bununla belə, Xidmət tərəfindən 101 min 064 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Məlumat verilib ki, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidmətində, Xidmətin regional miqrasiya idarələrində və ya ASAN Xidmət mərkəzlərində qəbul edilir və sənədlərin dövriyyəsi elektron qaydada həyata keçirilir.

Daha sonra “Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və əldə edilən nailiyyətlər” mövzusunda məruzə təqdim edilib.

Konfransda Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, belə bir tədbirin təşkilinə görə minnətdarlıq edib. O, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edib. Qısa müddət ərzində Xaçmaz regional miqrasiya idarəsinin çoxsaylı turistlərin təşrif buyurduğu, əcnəbilərin yaşadığı rayonda miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll etməyə nail olduğunu deyib. Bundan əlavə sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsinin təmin edilməsi üçün bu qurumun gördüyü işləri yüksək qiymətləndirib.

Elə həmin gün Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan 18 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.  


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur