newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerverslə görüşüb.

Görüşdə ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə toxunulub. İkitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq çərçivəsində həyata keçirilən Tvinninq, eləcə də MOBİLAZE layihələrinin əhəmiyyəti qeyd edilib. Qarşılıqlı səfərlər, o cümlədən bu yaxınlarda Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidməti baş direktorunun Azərbaycana səfəri zamanı aparılmış müzakirələrin gələcək əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

Azərbaycanda viza verilməsi prosedurlarının sadləşdirilməsi,  əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində elektron viza almaq imkanın yaradılmasının əhəmiyyətindən söhbət açılan görüşdə, həmçinin qanunsuz miqrasiya ilə əlaqədar ölkəmizdə son günlərdə görülən işlərdən danışılıb. Qanunsuz miqrasiyanın subyekti olan şəxslərin heç də hamısının Azərbaycanda qalmaq fikrində olmadığı, onların üçüncü ölkələrə getmək üçün respublikamızın ərazisindən tranzit kimi istifadə etmək niyyəti qeyd edilib.

F.Nəbiyev miqrasiya sahəsində Niderlandın müvafiq qurumları ilə müzakirə edilən mövzulardan olan readmissiya sazişinin icrası zamanı yaranan problemlərin operativ həlli, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən olan və Avropa İttifaqı üzv dövlətlərində qanunsuz yaşayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsinin işğal səbəbindən mümkün olmaması kimi məsələlərə diqqətin yetirilməsi olduğunu deyib.  Həmçinin readmissiya olunan şəxslərin reinteqrasiyası ilə bağlı üzv dövlətlər tərəfindən yardımların göstərilməsinin önəmi vurğulanıb və Almaniya Hökumətinin öz ölkələrinə könüllü qayıdan şəxslərlə bağlı həyata keçirdiyi “Dövlət Yardımı+” layihəsi nümunə göstərilib.

Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzü və 26 il əvvəl ermənilərin azərbaycanlılara qarşı törətdiyi əsrin faciəsi olan Xocalı soyqırımı haqqında geniş danışıb. Haaqada Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldıldığını xatıraldıb.

Səfir Onno Kervers görüşə vaxt ayırdığına görə Xidmət rəisinə təşəkkür edib. Miqrasiya sahəsində gələcək əməkdaşlığın inkişafına dəstəyini əsirgəməyəcəyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur