newsPhoto

Neftçalada əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı hüquqi maarifləndirmə seminarı təşkil edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 11-ci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Neftçalada  əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi,  fəaliyyət  istiqaməti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov açaraq, son illər ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra regional miqrasiya idarəsinin məsul əməkdaşları geniş məruzələrlə çıxış ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən dövlət qayğısı və multikultural prinsiplər barədə danışıblar.

Məruzəçilər əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşaması, iş icazəsinin verilməsi ilə bağlı prosedurların sadələşdirildiyini konkret faktlarla diqqətə çatdırıblar. Bir fikir xüsusi vurğulanıb ki, ölkəmizdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə hüquq və azadlıqlarını sərbəst həyata keçirmələri üçün bütün lazımi şərait yaradılıb. İndi turist kimi ölkəmizə gəlmək istəyən əcnəbinin 3 saat ərzində viza almaq imkanı var. Məhz bunun nəticəsidr ki, Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ildən-ilə artır.

Qeyd olunub ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması kimi ümdə vəzifələri uğurla yerinə yetirir.

Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində son illərdə görülmüş işlər barədə verilən məlumat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda suallar cavablandırılıb.

İştirakçılar belə bir  görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Sonra Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan 9 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə xəbərdarlıq məktubu təqdim olunub.

Seminarın sonunda müraciət edən şəxslərə Xidmətin əməkdaşları tərəfindən səyyar xidmət göstərilib. 8 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənədləri qəbul edilib, həmçinin 5 nəfərin müraciəti dinlənilərək onlara müraciət etmək istədikləri məsələlərlə bağlı müvafiq sənədlərin siyahısı verilib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur