newsPhoto

2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

Tədbirdə bildirilib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir.

O da vurğulanıb ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti kollektivinin də 80 faizini gənclər təşkil edir. Peşəkar gənclərin iştirakı ilə Xidmət böyük uğurlara imza atıb. Prezident İlham Əliyev hər zaman Xidmətin fəaliyyətinə yüksək qiymət verib, əməkdaşları təltif edib. Təltif olunanların arasında da gənclərin sayı kifayət qədərdir. Həmçinin neçə-neçə gənc əməkdaş xidmətində əldə etdiyi nəticələrə görə məsul vəzifələrə irəli çəkilib.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da Azərbaycan gəncliyinin nümayəndələri kimi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətlərini dərk etdiklərini və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışdıqlarını bildiriblər.

Sonda 2017-ci ildə xidmətdə fərqlənən, nailiyyətlərə imza atan gənc əməkdaşların bir qrupu təltif edilib və Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən onlara müxtəlif hədiyyələr verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur