newsPhoto

Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru ölkəmizdə səfərdədir

Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Yannita Robbersenin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 31-də Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti  müşaviri Firudin Nəbiyev respublikamızda səfərdə olan Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Yannita Robberse ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin tarixindən, müxtəlif sahələrdə qurulmuş əlaqələrdən, o cümlədən miqrasiya sahəsində əməkdaşlıq imkanlarından ətraflı söhbət açılıb.

F.Nəbiyev ölkəmizdə miqrasiya sahəsində “bir pəncərə” prinsipi üzrə xüsusi dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib. Xidmət rəisi təqdirəlayiq hal kimi ölkəmizdə miqrantların hüquqlarının müdafiəsinin  beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirildiyini və Azərbaycanda formalaşmış miqrasiya idarəetməsinin digər dövlətlər üçün nümunə göstərildiyini deyib.

Miqrasiya sahəsində praktiki və innovativ təcrübənin öyrənilməsinə böyük önəm verən Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti ilə əməkdaşlığının səmərəli nəticələrinə toxunulan görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Xidmət rəisi Niderland Krallığına bir neçə dəfə, o cümlədən ötən ilin fevralında etdiyi sonuncu səfərini məmnunluqla xatırlayıb. Eləcə də bu il yanvarın 20-dən 25-dək vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə DMX-nın ekspertlərindən ibarət nümayəndə heyətinin Niderlanda səfəri mövcud əməkdaşlığın daha bir nümunəsi kimi qiymətləndirilib. Bununla yanaşı xüsusən qanunsuz miqrasiyaya qarşı mübarizə, geri qayıdış və saxta sənədlərin aşkarlanması kimi məsələlərlə bağlı Niderland Krallığının təcrübəsinin öyrənilməsinin zəruriliyindən bəhs olunub. DMX-nın benefesiarı olduğu və 2013-2015-ci illərdə həyata keçirilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin peşəkar inkişafına və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqı (Aİ)   qanunvericiliyinə uyğunlaşdırılmasına dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Niderland Krallığı ilə əməkdaşlıq məmnunluqla xatırlanıb. 

İşgüzar müzakirələrlə davam etdirilən görüşdə DMX-nın rəisi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası istiqamətində rast gəlinən bəzi çətinlikləri - qayıdış bildirişi göndərilmədən readmissiyanın həyata keçirilməsi və planlaşdırılmış readmissiyanın təxirə salınması barədə qarşı tərəfin məlumatlandırılmaması kimi halları diqqətə çatdırıb. Gələcəkdə bu məsələlərin  aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikası və Benilüks dövlətləri (Belçika Krallığı, Böyük Lüksemburq Hersoqluğu və Niderland Krallığı) arasında Sazişin həyata keçirilməsi üzrə” Protokol layihəsinin razılaşdırılması ilə bağlı görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” çərçivəsində icra olunan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasına dəstək (MOBILAZE)” layihəsi vasitəsilə birgə əməkdaşlığın daha da gücləndirilməsi, xüsusən sənədlərin təhlükəsizliyi, sığınacaq sisteminin təkmilləşdirilməsi və reinteqrasiyaya yardım ilə bağlı layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Xidmət rəisi Azərbaycanda tolerantlığın həyat tərzi və ölkəmizin dünyanın multikulturalizm mərkəzlərindən biri olduğunu bildirib və əlavə edib ki, bütün etnik qruplar və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. F.Nəbiyev məlumat verib ki, “monomillətli dövlət olan Ermənistanın təcavüzü nəticəsində bir milyon insan 25 ildən çoxdur ki, respublikamızda qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan Hökuməti onların sosial problemlərinin həlli üçün Prezident İlham Əliyevin rəhbərliyi altında fundamental işlər görür. Onlar yeni salınmış, müasir infrastruktura malik 100-ə yaxın qəsəbədə yerləşdirilib və bu siyasət bu gün də uğurla davam etdirilir. Lakin Ermənistanın qeyri-konstruktivliyi ucbatından münaqişə indiyə qədər həllini tapmamışdır”.

Dünyada davam edən qaçqın və miqrant axınlarının idarə edilməsində beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi baxımından çoxtərəfli müstəvidə əməkdaşlığın perspektivlərinə toxunulan görüşdə Xidmət rəisi vurğulayıb ki, müstəqilliyini təzəcə bərpa edərkən Azərbaycanın bu qədər ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, ölkəmizdə miqrantlara hər zaman xüsusu diqqət və qayğı olub.  İndiyədək  respublikamızada miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.

Azərbaycanda sabitliyin yüksək səviyyədə təmin edildiyinə diqqət çəkən F.Nəbiyev təhlükəsiz ölkələr sırasına daxil edilən respublikamızda mötəbər beynəlxalq tədbirlərin, simpoziumların, konfransların, forumların, o cümlədən idman oyunlarının keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisi olduğunu  bildirib.

Xidmət rəisi deyib ki, bu gün sürətlə inkişaf edən, həmçinin zəngin təbiətə malik ölkəmiz turizm sektorunda yüksəliş dövrünü yaşayır və Azərbaycana gələn turistlərin “ASAN Viza” sistemi vasitəsi ilə  3 saat ərzində turist vizası alması mümkündür. O, əlavə edib ki, Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərilir.

Səmimi qəbula görə minnətdarlıq edən Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Yannita Robberse bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və Bakının möhtəşəmliyinə, gözəlliyinə valeh olub. Qeyd edib ki, “müasirliklə qədimliyi özündə birləşdirən Bakıda gördüyüm sürətli inkişaf məni çox sevindirir”. Qonaq artıq neçə illərdir ki, yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin formalaşdırıldığı iki qurum arasında münasibətlərin daha da dərinləşdirilməsi və təcrübə mübadiləsi baxımından azərbaycanlı həmkarı ilə keçirdiyi görüşü və apardığı müzakirələri yüksək qiymətləndirdiyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur