newsPhoto

Qubada “Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili” mövzusunda seminar keçirilib 

Quba rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən seminarda rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Abidov çıxış edib. O, tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Ərazidə xidmət aparan Xaçmaz regional miqrasiya idarəsinin fəaliyyətindən razılıqlarını ifadə edib. Bu cür seminarların və maarifləndirmə tədbirlərinin səmərəli nəticələrindən söhbət açıb.

Quba rayonunu da əhatə edən Xaçmaz regional miqrasiya idarəsi haqqında qısa məlumat verilib. Bildirilib ki, idarə 2010-cu ildən fəaliyyət göstərir. Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz  rayonlarını əhatə edir. Regional miqrasiya  idarəsi Xaçmaz şəhəri Heydər  Əliyev prospekti 13 ünvanında yerləşir. 

Sonra “Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili” mövzusunda məruzə dinlənilib. Məlumat verilib ki, Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və yerli qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə  bu gün Xidmətin aparatı, həmçinin Bakı, Şirvan, Lənkəran, Gəncə, Yevlax, Şəki, Ağsu və Xaçmaz  regional miqrasiya idarələri tam gücü ilə fəaliyyət göstərir. Bununla yanaşı, ölkə üzrə fəaliyyət göstərən  “ASAN” xidmət mərkəzlərinin hər birində Xidmətin əməkdaşları əcnəbi və vətəndaşlığı olmayan şəxslərə, habelə, Azərbaycan Respublikası vətəndaşlarına xidmət göstərir.

Xidmət yerlərinin, müraciət etmə formalarının artırılması, tələb olunan sənədlərin mümkün qədər azaldılması, əcnəbilərin və vətəndaşların daim məlumatlandırılması, xidmət şəraitinin ən yüksək standartlar səviyyəsində yaxşılaşdırılması ölkəyə gələn əcnəbilərin qanuni əsaslarla yaşamasının, fəaliyyət göstərməsinin təmin edilməsinə xidmət edir.

Seminarda qanunvericiliyə edilmiş son dəyişikliklər haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 53.1.4-cü, 53.1.5-ci, 53.1.8-ci və 65.0.5-ci maddələri ləğv edilib. Beləliklə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin siyahısından ailə tərkibi haqqında arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri, o cümlədən iş icazəsinin verilməsi üçün tələb olunan sənədlər siyahısından Azərbaycan ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin respublika ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti tələb olunmayacaq.

Məruzədə o da vurğulanıb ki, Miqrasiya Məcəlləsinin 76.3-cü maddəsinə əsasən respublika ərazisində olan əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməlidir. Belə olan halda viza əsasında  Azərbaycana gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən  giriş vizalarının növlərinə uyğun olmalıdır.

Seminarda həmçinin vətəndaşlıq məsələləri haqqında da məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur