COP29 vizası ilə və ya vizasız qaydada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.

mobile-app

"29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə tədbirləri çərçivəsində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və miqrasiya: Dəlillər və miqrasiyanın uyğunlaşma yolu kimi qəbul edilməsi” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycanın 2024-cü ilin noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində iqlim dəyişikliyi və insanların yerdəyişməsi mövzusunda dialoqların genişləndirilməsinə töhfə vermək, miqrasiya, iqlim dəyişikliyi və ətraf mühit arasındakı əlaqələri araşdırmaqdır. Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 29 İqlim Söhbəti seriyasının bir hissəsi olaraq iqlim dəyişikliyi və insanların yerdəyişməsi arasındakı mürəkkəb əlaqəyə həsr edilmiş tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, iqlim dəyişikliyi səbəbindən yaranan miqrasiya ilə bağlı problemlərin həlli hərtərəfli və inklüziv yanaşma tələb edir. Vüsal Hüseynov BMqT tərəfindən hazırlanmış 2024-cü il üzrə Dünya Miqrasiya Hesabatının iqlimlə əlaqəli miqrasiya məsələlərini də əhatə etməsinin əhəmiyyətini vurğulayıb. Xidmət rəisi BMT Baş Assambleyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın COP29 sədrliyinin və BMqT-nin ev sahibliyi ilə təşkil olunmuş “İqlim, sülh və insanların yerdəyişməsi” mövzusunda yüksək səviyyəli dəyirmi masada verilmiş tövsiyələrin COP29-dan əvvəl bu məsələlər ətrafında müzakirələr üçün möhkəm zəmin hazırladığını bildirib. Eyni zamanda, miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasındakı əlaqənin COP29 zamanı Dövlət Miqrasiya Xidməti və BMqT tərəfindən birgə təşkil ediləcək yüksək səviyyəli dəyirmi masa müzakirələrinin əsas mövzusu olacağını, bugünkü tədbirin də bu müzakirələrə töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb. Tədbirin açılış mərasimində çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə, iqlim dəyişmələrinin miqrasiyaya artan təsirinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrin canlandırılmasında və iqlim dəyişikliyi kontekstində əhali yerdəyişmələri ilə bağlı məsələlərin həllindəki rolunu vurğulayıb. Daha sonra 2024-cü il üzrə Dünya Miqrasiya Hesabatının və hesabatın miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasında əlaqəyə həsr olunmuş bölməsinin təqdimatı keçirilib. Tədbirdə həmçinin, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Troy Dulinin moderatorluğu ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin rəhbəri Kanako Mabuçinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyevin, BMqT-nin Dünya Miqrasiya Hesabatı üzrə tədqiqatçısı Adrian Kitimbonun və ətraf mühit və iqlim dəyişmələri üzrə regional mütəxəssisi Sumyadip Banerjinin, eləcə də Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyevin iştirakı ilə iqlim dəyişikliyi səbəbindən yaranan miqrasiyanın müxtəlif istiqamətlərinə həsr olunmuş panel müzakirələr aparılıb.

COP29 Event

COP29 çərçivəsində 18 noyabrda “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel müzakirələr təşkil olunacaq. Tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək. Müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan yüksək vəzifəli şəxslərin iştirakı ilə keçiriləcək panel müzakirələri miqrasiya, ətraf mühit və iqlim dəyişmələri arasındakı əlaqəyə diqqət yetirəcək və bu sahədə inteqrə olunmuş həll yollarının formalaşdırılması üçün qlobal əməkdaşlığı təşviq edəcəkdir. Tədbir barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

mobile-app

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixdə Bakı Olimpiya Stadionunda, Mavi Zonada yerləşən Azərbaycan pavilyonunda Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel müzakirələr baş tutub. Tədbirin məqsədi iqlim dəyişmələrinin miqrasiya proseslərinə təsiri ilə bağlı müvafiq maraqlı tərəflərin məlumatlılığının artırılmasından, hökumətlər, beynəlxalq təşkilatlar vətəndaş cəmiyyəti, eləcə də özəl sektor arasında qlobal səviyyədə bu mövzuda dialoqun təşviq edilməsindən, həmçinin iqlim dəyişmələri kontekstində insanların yerdəyişməsinin çoxşaxəli problemlərinə yönələn inteqrə olunmuş həllərin işlənib hazırlanması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsindən ibarət olub. Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını salamlarayaq bildirib ki, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində iqlim dəyişmələri və insanların yerdəyişməsi ətrafında həyata keçirilən birgə tədbirlərin davamı olan bu tədbir COP29-dan sonrakı dövrdə də iqlimlə əlaqədar miqrasiya üzrə inklüziv və vahid strategiyaların müəyyənləşdirilməsinə töhfə verəcəkdir. Bundan əlavə, COP29 zamanı keçirilən “İqlim və Sülh üzrə Yüksək Səviyyəli Panel” çərçivəsində Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışına start verilməsinə toxunulub və bu təşəbbüsün də mövzu ilə bağlı müzakirələrin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilib. Xidmət rəisi qeyd edib ki, Azərbaycan insanların yerdəyişməsi və iqlim dəyişmələri arasında mürəkkəb əlaqənin yaratdığı çoxşaxəli problemlərin həlli istiqamətində Miqrasiya üzrə Qlobal Paktın icrası üzrə Çempion ölkə və Almatı Prosesinin sədri qismində qlobal və regional səviyyədə tədbirlər görməkdədir və bu istiqamətdə səylərini davam etdirir. İqlimdən qaynaqlanan yerdəyişmə də daxil olmaqla insan yerdəyişməsinin ləyaqətlilik, bərabərlik və dayanıqlılıq prinsipləri əsasında idarə olunması üçün tərəfdaşlıqların önəmini vurğulayan Vüsal Hüseynov hazırda müzakirəsi davam edən və regional səviyyədə qəbulu planlaşdırılan İpək Yolu Bəyannaməsinin qeyd olunanlara yaxşı nümunə olduğunu bildirib. Daha sonra tədbirin əsas tərəfdaşı olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini xanım Ugoçi Daniels çıxışında iqlim dəyişmələri səbəbindən baş verən yerdəyişmə proseslərinin miqyası barədə məlumat verib, müxtəlif regionlarda mövcud olan vəziyyətlərə toxunub. Qeyd edilib ki, proqnozlara əsasən, 2050-ci ilədək 260 milyondan çox insan öz ölkəsi daxilində yerdəyişməyə məruz qalacaq. Lakin effektiv iqlim tədbirləri nəticəsində bu rəqəm 80 faiz azaldıla bilər. Sonra tədbirdə Kosta-Rika Respublikasının sabiq prezidenti Karlos Alvarado Kesada çıxış edərək miqrasiya və iqlim dəyişmələri ilə bağlı öz fikirlərini bölüşüb. Tədbirdə həmçinin dünyanın müxtəlif regionlarında iqlim dəyişmələri səbəbindən miqrasiya etmək məcburiyyətində qalmış şəxslərə dair videoçarx nümayiş etdirilib. Daha sonra panel müzakirələrə start verilib. BMqT-nin İqlim fəaliyyəti şöbəsinin direktoru xanım Rania Ahmedin moderatorluğu ilə keçirilən panel müzakirələrdə Uqanda və Filippinin aidiyyəti qurumlarının yüksək səviyyəli nümayəndələri, İqlim Yerdəyişməsi üzrə Qlobal Mərkəzin və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü əsasında seçilmiş COP29-da iqlim miqrasiyası üzrə gənc nümayəndəsi panelist qismində iştirak etmişdir. Müzakirələr zamanı iqlim dəyişmələrinin müxtəlif regionlarda insanların yerdəyişməsi tendensiyalarına təsiri, iqlimlə bağlı insanların yerdəyişməsinə dair mövcud siyasət çərçivəsinin güclü və zəif tərəfləri, iqlim dəyişmələrinin insanların yerdəyişməsinə göstərdiyi mənfi təsirlərinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın rolu və digər mövzular ətrafında edilən çıxışlar maraqla qarşılanıb. Bundan əlavə, Xidmət rəisi iqlim dəyişmələri və miqrasiya ilə bağlı qlobal danışıqlara töhfə vermək, bu istiqamətdə müzakirələrdə gənclərin iştirakını təşviq etmək məqsədilə BMqT-nin COP29-da iqlim miqrasiyası üzrə gənc nümayəndələri ilə də görüşüb. Görüş çərçivəsində Azərbaycanın iqlim dəyişmələri və miqrasiya arasında əlaqə ilə bağlı müzakirələrinin təşviqi istiqamətində gördüyü işlərə toxunulub, eləcə də mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, gənc nümayəndələrə fəaliyyətlərində uğurlar arzulanıb.

COP29 Event

COP29 vizası ilə və ya vizasız qaydada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər qanunla nəzərdə tutulmuş müddətdən artıq ölkə ərazisində qalmaq zərurəti yarandıqda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Bildiririk ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş hallarda (xidməti zərurət, təcili müalicə və s.) ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər. Bu halda əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada (buradan müraciət edə bilərsiniz) və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərələri vasitəsilə fiziki olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Qeyd edirik ki, ölkədə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaq qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur